
BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın dediyi kimi, müharibənin qaynar mərhələsi 100 günə başa çata bilər. Döyüş əməliyyatlarının bərpasının qarşısını almaq üçün Ukrayna öz hərbi gücünü artırmalıdır.
Teleqraf xəbər verir ki, bunu Çeçenistan və Abxaziyada, indi isə Ukraynada Rusiyaya qarşı döyüşən Gürcüstan Silahlı Qüvvələrinin polkovniki Kaxa Baziliya deyib.
“Müharibələri danışıqlar masası arxasında siyasətçilər başlayır, onlar da bitirirlər. Bizim işimiz döyüşmək, siyasətçilərin işi isə siyasi məsələləri həll etməkdir. Prezident Trampın dediyi kimi, müharibənin qaynar mərhələsi 100 günə bitə bilər”, - polkovnik bildirib.
Ukrayna Silahlı Qüvvələrinin 31-ci briqadasının “Tbilisi” xüsusi təyinatlı hissəsinin qərargah rəisi vəzifəsini icra edən Basiliya Kiyevin zamana ehtiyacı olduğunu vurğulayıb. Onun fikrincə, bundan düzgün istifadə olunmalıdır ki, yenidən müharibə olmasın.
“Heç kim güclü bir insana sataşmaz. Zorba qonşunuz sizin zəif olduğunuzu görəndə, onunla davamlı olaraq problem yaşayacaqsınız. Ona görə də Ukrayna iqtisadi, texnoloji baxımdan və öz xalqı ilə güclüdürsə, Rusiya kimi heç bir qonşusuna ona sataşmağa imkan verməyəcək. Rusiya niyə Çinə, İsrailə sataşmır? Rusiya İsrailə çəpəki baxmağa cürət etməz”, - gürcü zabit söyləyib.
Polkovnik əlavə edib ki, müharibənin qaynar mərhələsi başa çatdıqdan sonra hər şeyi yenidən qurmaq, yuxarıdan dəyişmək lazımdır:
“Bundan sonra bu dəhşətin təkrarı olmayacaq. Necə deyərlər, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Biz daim müharibəyə hazırlaşmalıyıq, onda həqiqətən müharibə olmayacaq”.