
BAKI, 7 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək üçün dialoqdan qorxduğunu iddia edib.
Teleqraf xəbər verir ki, Ukraynanın dövlət başçısı “Telegram” hesabında Rusiya ilə dialoqa açıq olduğunu bildirib.
Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatik yolla bitirmək istədiklərini və lazım gələrsə, Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
Zelenski bütün bunları Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud Bassonla görüşündə deyib.
Ukrayna lideri deyib: “Görüşdə müharibədən zərər çəkmiş insanlara yardımların genişləndirilməsi, özəl sektora birbaşa investisiyaların artırılması və bank sektorunda əməkdaşlıq məsələləri müzakirə edilib”.
Zelenski müharibəni bitirmək üçün Rusiya Prezidenti Putinlə görüşmək imkanının olub-olmaması ilə bağlı suala belə cavab verib: "Əlbəttə, həm ABŞ administrasiyası, həm Prezident Donald Tramp, həm də Aİ ölkələri hesab edirlər ki, Rusiyasız, Putinsiz diplomatiya mümkün deyil. Ona görə də mən bildirdim ki, bu müharibənin bizim üçün nəticələri barədə razılığa gələ bilsək, Putinlə görüşə bilərəm. Biz diplomatiyaya hazırıq, bununla bağlı mənim heç bir problemim yoxdur. Problem mənə elə gəlir ki, Putindədir. O, müharibəni bitirməkdən qorxur".
Ukrayna Prezidenti deyib: "Ancaq mən hələ də düşünürəm ki, Tramp onu müharibəni bitirməyə məcbur edə bilər... Əminəm ki, ABŞ və Ukrayna komandaları birgə işləyəcək”.
Son zamanlar bəzi media orqanlarında müzakirə olunan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı "Tramp planı" barədə sualı cavablandıran Zelenski bildirib: "Əminəm ki, komandalarımız (ABŞ-Ukrayna) birlikdə çalışacaqlar. Bir-birindən fərqli iki plan ola bilməz... İstənilən halda, rəsmi danışıqları və nəticələri gözləyəcəyik”.
AYİB prezidenti Renaud-Basso öz növbəsində müharibə başlayandan bəri Ukraynaya, ötən il ayırdıqları 2,4 milyard avro da daxil olmaqla, 6,2 milyard avro yardım etdiklərini xatırladıb.
Renaud-Basso Ukraynanın enerji sektorunda əməkdaşlığa və özəl sektora dəstək verməyə davam edəcəklərini bildirib.