.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Qrenlandiyanın hakim Siumut (“İrəli”) partiyası martın 11-də keçiriləcək parlament seçkilərindən sonra adanın müstəqilliyi ilə bağlı referendum keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, Siumutun sədri Erik Yensen bu barədə "Danmarks Radio"ya müsahibəsində bildirib.
Siyasətçi bildirib: "Təbii ki, bu məsələdə Qrenlandiya xalqı ilə sıx əməkdaşlıq edəcəyik. Bu çox vacibdir".
Yensen həmçinin bildirib ki, rəhbəri olduğu partiya qanunun 21-ci bəndində nəzərdə tutulan özünüidarətmə hüququnu aktivləşdirmək niyyətindədir. Bu halda Qrenlandiya və Danimarka hökumətləri arasında adaya müstəqilliyin verilməsi ilə bağlı danışıqlar başlanmalıdır. Bu məqam partiyanın seçki proqramında da yer alıb.
Adanın Danimarkadan müstəqilliyi məsələsi Amerika Prezidenti Donald Trampın Qrenlandiyaya maraq göstərməsindən sonra müzakirə olunmağa başlayıb. Danimarka hakimiyyəti və adanın rəhbərliyi buna kifayət qədər sərt cavab verib və əlavə edib ki, ərazi satılmır.