Suriya-Türkiyə yaxınlaşması ABŞ-ı narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazır.

Türk nəşri ötən həftə Suriya ilə 11 ildən sonra müdafiə nazirləri səviyyəsində ilk təmasın baş tutduğunu xatırladıb:

“Moskvada keçirilən görüşdə Türkiyə müdafiə naziri Hulusi Akar, MİT rəhbəri Hakan Fidan və Suriya müdafiə naziri Əli Mahmud Abbas iştirak edib. Görüşdən sonra dünən açıqlama verən Prezident Ərdoğan Suriya lideri ilə mümkün görüşünə işarə edib. Onun sözlərinə görə, gəlişmələrə uyğun olaraq liderlər də bir araya gələcək.

Tezliklə Türkiyə başda olmaqla bütün dünyaya səpələnmiş 8 milyon suriyalı qaçqının sağ-salamat və könüllü qayıtmasından danışmağa başlaya bilərik.

Suriya ilə dialoq qapısının açıq saxlanması ABŞ administrasiyasını nədənsə çox narahat edir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Əsəd rejimi ilə əlaqələrin yaxşılaşdırılmasını istəmədiklərini bildirib.

Burada hədəf, təxmin etdiyiniz kimi, Türkiyədir. ABŞ administrasiyası 11 min kilometr məsafədən gəlib Suriyada saxta muxtar bölgələr yaradacaq, amma Türkiyə qaçqınlar və terrorla mübarizə kimi çox kritik problemlərindən sərhəd qonşusu ilə danışa bilməyəcək?

ABŞ-ın son açıqlamalarından bir daha anladıq ki, regionda heç vaxt həll istənilmir. Milyonlarla qaçqının dramı ABŞ üçün heç bir önəm kəsb etmir. Müharibənin son insan ölənə qədər davam etməsini istəyirlər. Əsas odur ki, ABŞ-ın regiondakı maraqları təhlükə altında olmasın”.

Qəzet qeyd edir ki, ABŞ-ın bölgədəki oyununu pozmaq və Suriyaya qalıcı sülh gətirmək üçün mühüm addımlar atılır. Görünən odur ki, Türkiyə adından prosesə rəhbərlik edən Prezident Ərdoğan Suriyada sülhə böyük töhfə verəcək.