BAKI, 29 sentyabr. TELEQRAF

Xarici ölkələrə ucuz tur paketlər təşkil edəcəyinə dair yalan məlumat verməklə dələduzluq edən 1992-ci il təvəllüdlü Şəfiqə Fərzəliyevanın məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, müştərilərə özünü “Şəfiqə Əfəndi” kimi təqdim edən Fərzəliyeva “Matrix Oasis” turizm şirkətində tur operatoru vəzifəsində işləyib.

O, Misirdə oteldə istirahət turu təşkil edəcəyi vədi ilə Nigar Məmmədovanın 1800 manatını alıb.

Şəfiqə digər zərərçəkmiş Vadilə oğlu Ziya İsmət oğlu Məmmədov, qızı Xəyalə İsmət qızı Məmmədova, həmçinin nəvələrinə Türkiyədə “Baia Bodrum” otelində istirahət turu təşkil edəcəyi barədə yalan vəd verib, Yasamal rayonunda yerləşən “Hat Medicine” klinikasının qarşısında zərərçəkmişin 6600 manat pulunu ələ keçirib.

İstintaq sənədlərinə görə, Şəfiqə daha 8 vətəndaşı Türkiyə, Misir, İsveç və Avstriyada otellərə istirahət turu təşkil etməklə, onların ümumilikdə 31 min 889 manat pullunu ələ keçirməyə nail olub.

Şəfiqənin barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Şəfiqə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, himayəsində iki azyaşlı övladı var: “İş üzrə şahid qismində adı keçən Nuridəni travel şirkətinin rəhbəri kimi tanımışam, əvvəllər münasibətlərimiz yaxşı olub. 2020-ci ilin yay aylarında qeyri-rəsmi olaraq şirkətdə satış nümayəndəsi vəzifəsində işləməyə başlasam da, mənimlə rəsmi qaydada əmək müqaviləsi 2021-ci ildə bağlandı. Vəzifəm şirkətə müraciət edən müştərilərə istirahət tur paketlərinin hazırlanaraq qiymətlərin müəyyən edilməsinə, otellər haqqında məlumat və viza dəstəyinə kömək etməkdən ibarət olub.

Nuridənin vəzifəsi isə otellərin bron edilməsi, ödənişlərin alınması və kassaya mədaxil edilməsi, aviabiletlərin alınması, yüz faizli vizaların təşkil edilməsindən ibarət idi. “Matrix Oasis" travel şirkətinin sosial şəbəkədə eyni adlı hesabı vardı, hesabda əlaqə nömrələri Nuridənin istifadəsində idi”.

Təqsirləndirilçən şəxs deyib ki, Türkiyə ərazisində otellərin bron edilməsi şirkət vasitəsi ilə həyata keçirilirdi, hər sifariş üçün 6 faiz bonus hesablanırdı: “Bonusun bir faizi bank xərclərinə çıxıldıqdan sonra 5 faizi mənə çatırdı. Çünki şirkət mənə əmək haqqı vermirdi”.

Şəfiqənin ifadəsinə görə, 2023-cü ilin dekabrında zərərçəkmiş Şərafətin gəlini Dilbər Abdullayeva zəng edib və Türkiyənin Bodrum şəhəri üçün istirahət turlarının qiymətləri ilə maraqlanıb: “Otellərin adları və qiymətləri barədə məlumatları votsapda Dilbər xanıma göndərdim. Müştəri Bodrum şəhərində “Baia Bodrum” otelini seçdi və aviabiletlər də daxil olmaqla 6600 manata razılaşdı. 2024-cü ilin yanvar ayının ortalarında Yasamal rayonu ərazisində Dilbərdən 3300 manat alıb, şirkətin ofisində direktor Nuridəyə təqdim etdim.

Bir-iki gün sonra Dilbərin qayınanası şirkətə gələrək qalan 3300 manatı da verdi. Şərafətdən pulu alıb Nuridəyə, Nuridənin hazırladığı elektron aviabilet və otelə dair vauçeri Şərafətə təqdim etdim.

2024-cü ilin iyun ayının sonlarında Nuridə mənə qalıq pulun ödənməməsi səbəbindən şirkət tərəfindən Şərafətgilə vəd verilmiş rezervasiyanın ləğv olunması barədə məlumat verdi. Mən isə qalıq pulu Şərafətin ödədiyini bildirdim. Nuridə ödənişi yeznəsi Mahir adlı şəxsə verdiyini, lakin Mahirin pulu geri qaytarmadığı üçün otelə ödəniş etmədiyini dedi. Müştəriləri bu barədə məlumatlandırdım”.

Şəfiqənin ifadəsinə görə, digər zərərçəkmiş Yazgül Hacıyevanı Dilbər xanımın yönləndirməsi nəticəsində tanıyıb: “Yazgül mənimlə telefon əlaqəsi saxladı, Türkiyənin Alanya şəhərinə istirahət turlarının qiymətləri ilə maraqlandı. 3620 ABŞ dolları məbləğində otelə razılaşdı. Fevral ayının əvvəllərində şirkətinin ofisinə gələrək ilkin məbləğ kimi 1086 dolları mənə təqdim etdi. Pulu ofisdə direktora verdim. Yazgül qalan məbləği də ofisə gələrək çatdırdı”.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Fərəci digər müştəri Nərmin vasitəsilə tanıyıb: “2024-cü ilin may-iyun aylarında Fərəc votsapda mesaj yazaraq 7 gecə 8 gün iki nəfər üçün Türkiyənin Antalya vilayətinin Belek bölgəsindəki “Bellis Deluxe” otelinin qiyməti ilə maraqlandı. İstirahət turunun 3190 dollar təşkil edəcəyi barədə ona məlumat verdim. Fərəc şirkətə gələrək 3190 dolları mənə təqdim etdi. Pulu aldıqdan sonra turizm xidmətlərinin göstərilməsi haqqında iki nüsxəli müqavilə tərtib etdim və direktor Nuridənin əvəzinə müqaviləyə imza etdim. Möhür Nuridənin özündə olduğundan müqaviləni möhürlə təsdiq edə bilmədim. Fərəcdən aldığım pulu ofisdə Nuridəyə verdim”.

Şəfiqənin bildirdiyinə görə, zərərçəkmiş Kərimi 2023-cü ildə travel şirkətinin vasitəsi ilə Türkiyəyə gedən zaman tanıyıb: “2024-cü ilin may ayının sonlarında Kərim mənə votsapda mesaj yazdı, Misirdə istirahət turlarının qiymətləri və tarixləri ilə maraqlandı. Mən də kompastour.az internet səhifəsindən tariflərə baxdım, 7 gecə 8 gün otelə üç nəfər üçün aviabiletlər daxil olmaqla istirahət turunun 2400 manat təşkil edəcəyi barədə ona məlumat verdim.

Kərim mayın 31-də şirkətin ofisinə gələrək 2400 manatı nağd formada mənə verdi. Pulu Kərimin yanında Nuridəyə təqdim etdim. Nuridə isə pulu yaxınlıqda yerləşən terminal vasitəsi ilə şirkətin bank hesabına köçürəcəyini deyərək ofisdən çıxdı.

Bir neçə gündən sonra Nuridə “PDF” formasında elektron aviabiletlər və otelin vauçerini hazırlayaraq Kərimə göndərməyimi istədi. Onun dediklərini icra etdim.

İyunun 20-də Nuridə zəng edərək 1190 manat əlavə ödəmək şərti ilə Misirdə bron olan oteli eyni tarixdə başqa otelə dəyişməyin mümkün olması barədə Kərimə məlumat verməyimi istədi. Axşam Nuridənin dedikləri ilə bağlı Kərimə məlumat verdim. Həmin gün Kərim Nuridənin kart hesabına daha 1190 manat köçürdü”.

Şəfiqə qeyd edib ki, zərərçəkmiş Nicatı 2023-cü ilin avqust ayında tanıyıb: “Nicat mesaj yazaraq istirahət turlarının qiymətləri ilə maraqlandı, normal münasibətlərimiz yarandı. Hətta bir neçə dəfə o mənə müştəri də yönləndirdi.

2024-cü ilin iyun ayının əvvəllərində Nicat votsapda mesaj yazaraq Türkiyənin Marmaris şəhərində istirahət turlarının qiymətləri və tarixləri ilə maraqlandı. SummerTour.az internet səhifəsində tariflərə baxaraq iki böyük şəxs üçün 5 gecə 6 gün Marmaris şəhərində yerləşən “Caprise Beach 5” otelinə aviabiletlər də daxil olmaqla 3150 manat təşkil edəcəyi barədə məlumat verdim. Nicatın birlikdə getməyi planladığı Nilufər adlı qadın iyunun 11-də şirkətin ofisinə gəldi və 3150 manatı verdi. Mən də pulu Nuridəyə təqdim etdim.

O, pulu aldıqdan sonra 150 manatını mənə qaytardı, digər məbləği isə yaxınlıqda yerləşən marketdəki terminal vasitəsi ilə şirkətin “Rabita Bank”da olan hesabına köçürəcəyini deyərək getdi”.

Şəfiqənin sözlərinə görə, zərərçəkmiş İlqarı bir neçə il əvvəldən tanıyıb: “2024-cü ilin may ayının ortalarında İlqar əlaqə saxlayaraq Avstriyanın Azərbaycandakı səfirliyindən oğlu Rəşad üçün Şengen vizası almaq istədiyini dedi, qiymətlərlə maraqlandı. Bu barədə Nuridəyə məlumat verdim. O da CTN.az saytı və Ticket.az şirkətinin rəhbəri olan Mamed adlı şəxs vasitəsi ilə 1500 manata Şengen vizası təmin edə biləcəyini vəd verdi. Mən də bu barədə İlqarı məlumatlandırdım”.

Şəfiqə bildirib ki, təxminən 2024-cü ilin may ayının sonlarında Əminə adlı qadın aviabilet alınmasında yanlış anlaşma olduğu üçün onun barəsində Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib: “Elşən adlı şəxs polis idarəsində hüquqlarımı müdafiə etmək üçün mənə tanışı Elxanı vəkil kimi məsləhət bildi, order üçün 1500 manat gərəkli olduğunu dedi.

Mən də həmin vaxt İlqara zəng etdim, Pərvanə adlı qadının tanışı Cavidanın kart nömrəsinə viza üçün nəzərdə tutulmuş pulu göndərməsini istədim. İyunun 1-də İlqar pulu göndərdi. Həmin pul isə, Pərvanənin deməsinə görə, vəkil Elxana göndərildi. Mən polisdən çıxdıqdan sonra travel şirkətinin ofisində 1500 manatı Nuridəyə nağd formada təqdim etdim.

Bundan sonra Nuridə tərəfindən guya Avstriya səfirliyində Rəşad üçün görüş təşkil olunması barədə mənə mesaj göndərildi. Mesajları İlqara yönləndirdim. Qeyd edilən tarixdə “Dəmirçi Plaza”nın qarşısında Rəşadla görüşərək, ondan xarici pasport, iş yerindən arayış, bank hesabından çıxarış, fotoşəkilləri təhvil alıb Nuridəyə verdim. Hər dəfə Nuridədən viza ilə bağlı məlumat istədikdə o, Mamed adlı şəxsdən xəbər gözlədiyini dedi.

Nuridə bir müddətdən sonra viza üçün depozit lazım olması barədə İlqara məlumat çatdırmağımı istədi. Mən isə İlqara bu barədə heç nə deməyəcəyimi bildirdim. Rəşad Nuridədən pulu geri qaytarmasını tələb etdi. Nuridə müxtəlif bəhanələr gətirərək bu günədək ödənişi geri qaytarmayıb”.

Bundan başqa, Şəfiqə ifadəsində Türkiyəyə üç nəfər üçün tur təşkil olunması üçün Namiq adlı şəxsdən 5145, Nigar adlı şəxsdən isə iki nəfər üçün 1800 manat aldığını, həmin pulları da Nuridəyə verdiyini söyləyib.

Təqsirləndirilən şəxs cinayət əməlini o özü yox, "Matrix Oasis” şirkətinin rəhbəri Nuridə Musayeva tərəfindən törədildiyini, o isə sadəcə Nuridənin göstərişlərini yerinə yetirdiyini bildirib, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Şəfiqə 2 il müddətinə dövlət orqanlarında, dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və yerli özünüidarəetmə orqanlarında rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, eyni zamanda turizm fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Şəfiqə Fərzəliyeva 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsinə, həmçinin yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanmasına xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.

Hökmdən narazı qalan Şəfiqə Fərzəliyevanın vəkili apellyasiya şikayəti verib. Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi şikayət təmin etməyib.