BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycanda sularda boğulma hallarının əsas səbəbləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Föqvəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, araşdırmalardan məlum olub ki, sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərindən istifadə edilməsi nəticəsində baş verib.

Bunun da əsasında küləkli havada və ya sərxoş halda suya girmə, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən bölgələrimizdə çay, göl, suvarma kanalları və çimərlik üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə kimi hallar dayanır:

"Cari ilin ötən dövründə qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş FHN-in xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib, 38 nəfərə müvafiq köməklik göstərilib. Qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub".