BAKI, 29 sentyabr. TELEQRAF
“Cənubi Qafqazın yeni logistika arxitekturası hələ ilkin mərhələdədir və qlobal güc mərkəzləri arasında regionun gələcək nəqliyyat marşrutlarına təsir uğrunda mübarizə gedir”.
Teleqraf xəbər verir ki, bunu erməni iqtisadçı Aşot Yenqoyan deyib.
O bildirib ki, hazırda Cənubi Qafqazda həm regional dövlətlərin, həm də dünyanın ən böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi yeni nəqliyyat və logistika arxitekturası formalaşır: “Azərbaycan bu nizamda əsas regional oyunçulardan birinə çevrilir və orta güc statusuna iddialıdır. Bu hal Cənubi Qafqazda gələcək nəqliyyat marşrutlarının inkişafı və idarə olunmasında maraqlı olan dünyanın bütün güc mərkəzləri tərəfindən nəzərə alınmalıdır”.
Yenqoyan qeyd edib ki, bu fonda eyni anda bir neçə logistika istiqaməti formalaşır, Çin, ABŞ, Rusiya və Avropa İttifaqının regionun nəqliyyat infrastrukturunun inkişafında öz maraqları var.
Ekspert bu kontekstdə “Tramp marşrutu” (TRIPP) layihəsinə də diqqət çəkib:
“TRIPP-nin həyata keçirilməsi ABŞ-dən təkcə Cənubi Qafqaz və digər regional ölkələrlə deyil, həm də Çin və Rusiya ilə danışıqlar tələb edəcək, çünki layihə əsas oyunçuların maraqlarına təsir göstərir.
Avropa İttifaqı da Cənubi Qafqazda yaranan yeni nəqliyyat arxitekturasına daxil olmağa çalışır. Amma hazırda Avropanın regionda siyasi təsir dairəsi daralıb. Avropa İttifaqı artıq Azərbaycandakı əvvəlki təsirinin əhəmiyyətli bir hissəsini itirib, Gürcüstandakı imkanları da azalıb. Ermənistan bu şərtlər altında Avropanın Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün əsas kanallarından biri olaraq qalır”.
Aşot Yenqoyan əlavə edib ki, Rusiyanın da Cənubi Qafqazdakı mövqeləri zəifləsə də, hələ tam itirilməyib: “Cənubi Qafqazdan geri çəkilmə Moskva üçün ciddi geosiyasi çətinliyə çevrilə bilər. Rusiya bu səbəbdən təkcə Azərbaycan, Ermənistan və Gürcüstanla yox, həm də ən böyük qlobal güc mərkəzləri ilə razılaşmalar əldə etməyə çalışa bilər”.