BAKI, 29 sentyabr. TELEQRAF
Xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 599 ədəd kiçikhəcmli gəmi dövlət qeydiyyatına alınıb, 1671 ədəd kiçikhəcmli gəmi texniki baxışdan keçirilib.
Teleqraf xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, kiçikhəcmli gəmi istifadəçiləri gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət olunmasını diqqətdə saxlamalıdırlar:
"Kiçikhəcmli gəmiləri idarə edən şəxslər səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətlərini nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdırlar.
Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti əvvəlcədən öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır.
Yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə istismar oluna bilər".