BAKI, 29 sentyabr. TELEQRAF

2026-cı il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çayda 5, suvarma kanalında 18, su anbarında isə 5 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teleqraf xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu rəqəmlərdən yalnız 29-u su hövzələrində çimərkən suda batma faktı kimi qiymətləndirilib:

"Digərləri isə müxtəlif səbəblərdən baş verib. Suda batma halları nəzarətsiz qeyri-çimərlik ərazilərində baş verib. Burada da küləkli havada, dalğalı dənizdə və ya spirtli içki qəbul edərək su hövzəsinə girmə halları, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması və xüsusilə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, çaylar, süni göllər və digər bu kimi su hövzələrindən istifadə halları əsas səbəblərdəndir.

Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdəkan qəsəbəsində Nil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazilər kimi qiymətləndirilir".