BAKI, 29 sentyabr. TELEQRAF
FIFA UEFA-nı Canni İnfantinonun yenidən prezident seçilməsinə mane olmaq məqsədilə onun haqqında yalan məlumat yaymaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Məlumata görə, FIFA-nın Mayamidə təqdim etdiyi məhkəmə sənədində UEFA-nın Dünya Kubokunun səhmlərinin özəl investorlara satılması cəhdi ilə bağlı bütün sübutların təqdim olunmasına dair tələbini bloklamağa çalışdığı bildirilib.
Qeyd edək ki, UEFA avqust ayında ABŞ federal məhkəməsinə müraciət edərək Dünya Kubokunun kommersiya hüquqlarının törəmə şirkətə ötürülməsi ilə bağlı artıq ləğv edilmiş plan üzrə İsveçrədə İnfantinoya qarşı başlanması nəzərdə tutulan cinayət işi üçün ifadə və sənədlərin əldə edilməsinə icazə verilməsini istəyib.
UEFA İnfantinonun Dünya Kubokunun hüquqlarının satılması təklifindən şəxsi mənfəət əldə etməyə çalışdığını iddia edir.
FIFA isə bu iddiaları rədd edib. Təşkilatın bəyanatında UEFA-nın İnfantinonun hər hansı qanunu və ya etik prinsipi pozması ilə bağlı iddialarının “qəti şəkildə əsassız” olduğu bildirilib.
FIFA qeyd edib ki, sözügedən plan həm üzv assosiasiyalar, həm də FIFA Şurası tərəfindən təsdiqlənməli və hər iki qurumun nəzarəti altında həyata keçirilməli idi.