BAKI, 29 sentyabr. TELEQRAF

“Son günlər Türkiyə ilə Azərbaycan arasında sosial media üzərindən yüksələn mübahisələrə adi sosial media polemikası kimi baxılmamalıdır. Çünki problem artıq bir neçə paylaşımın, bir neçə sərt şərhin və ya iki ölkənin ictimaiyyətindəki qarşılıqlı incikliklərin hüdudlarını aşmaq təhlükəsi daşıyır”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Millidusunce” portalında dərc olunan məqalədə deyilir.

Məqalə müəllifi Ali Doğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü il iyulun 28-də Qarabağla bağlı verdiyi açıqlamaya da diqqət çəkir.

Sitat: “Necə Qarabağa girdiksə, necə Liviyaya girdiksə, bunun oxşarını eynilə onlara da edərik. Etməmək üçün heç bir şey yoxdur. Sadəcə güclü olmalıyıq ki, bu addımları ata bilək”.

Müəllif Türkiyə liderinin bu sözlərinin hər iki ölkədə müzakirə mövzusuna çevrildiyini qeyd edir:

“Bir yanda bu sözlər üzərindən aparılan müzakirə var, digər tərəfdə isə İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən çoxsaylı ölkələrin nümayəndə heyətlərinin zalı tərk etməsi, Azərbaycanın nümayəndəsinin isə qalması və Azərbaycan-İsrail münasibətləri üzərindən səsləndirilən tənqidlər var.

Bütün bunların üzərinə sosial medianın da əlavə olunduğu təhlükəli mənzərə ortaya çıxır: Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə qəzəb püskürülür. Burada dayanmaq və düşünmək lazımdır. Çünki Türkiyə-Azərbaycanın münasibətləri Feysbuk, Tvitter, İnstaqram, TikTok və ya hansısa digər sosial media platformasında qurulmayıb. Bu qardaşlıq tarixin, müharibələrin, ağrıların, ortaq mədəniyyətin və qarşılıqlı strateji maraqların içindən keçərək formalaşıb.

“Bir millət, iki dövlət” sözü iki ölkənin eyni dövlət olduğu anlamına gəlmir. Əlbəttə, biz iki ayrı dövlətik. Türkiyənin öz xarici siyasəti, təhlükəsizlik prioritetləri, iqtisadi ehtiyacları və regional hesablamaları, Azərbaycanın da öz xarici siyasəti, təhlükəsizlik prioritetləri, iqtisadi ehtiyacları və regional hesablamaları var. Əlbəttə, iki ölkənin bütün məsələlərdə 100 faiz eyni düşünməsi dövlətlərarası münasibətlərin təbiətinə də ziddir. Əsas məsələ maraqların ayrıldığı məqamlarda qardaşlığın qorunub saxlanıla bilməsidir.

Türkiyə Xarici İşlər Nazirliyinin də açıq şəkildə bildirdiyi kimi, iki ölkə arasındakı münasibətlər 2021-ci il Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilib. Bəyannamə başda təhlükəsizlik, müdafiə, enerji, nəqliyyat və iqtisadiyyat olmaqla geniş əməkdaşlıq sahəsi nəzərdə tutur. Bu səbəbdən bu gün yaşanan mübahisəni “Azərbaycan Türkiyədən qopur” və ya “Türkiyə Azərbaycanı tərk edir” kimi qəti hökmlərlə oxumaq həm yanlış, həm də təhlükəlidir.

Sosial mediada “Qarabağı kim geri aldı?” müzakirəsi də çox önəmlidir. Ərdoğanın 2024-cü il iyulun 28-də söylədiyi sözlər bu gün də Azərbaycan ictimaiyyətində müzakirə olunur.

“Biz necə Qarabağa girdiksə...” - bu cümlənin Türkiyədəki siyasi konteksti ilə Azərbaycanda necə qəbul edilməsi eyni deyil. Türkiyə baxımından cümlə İsrailə qarşı çəkindirmə ritorikası çərçivəsində qurulub. Azərbaycan baxımından isə Qarabağ təkcə siyasət mövzusu deyil. Qarabağ Azərbaycanın 30 illik işğal, müharibə, köç, itki və nəhayət ərazisinin bu hissəsi üzərində suverenliyini yenidən bərpa etmək uğrunda mübarizəsinin adıdır. Bu səbəbdən Ankaradan işlədilən bir cümlənin Bakıda fərqli həssaslıq yaratması təəccüblü deyil. Amma buradan Türkiyə ilə Azərbaycan arasında düşmənçilik nəticəsi çıxarmaq da eyni dərəcədə yanlışdır. Çünki tarix nə sosial mediada yazılır, nə də qəzəblə yenidən yazıla bilər. Qarabağın Azərbaycanın suverenliyinə qayıtması Azərbaycan ordusunun döyüş meydanındakı mübarizəsinin nəticəsidir.

Türkiyənin rolu isə Azərbaycana siyasi, diplomatik və hərbi imkanlarını inkişaf etdirməsində verdiyi dəstəklə birlikdə qiymətləndirilməlidir”.

Ali Doğan qeyd edir ki, Qarabağda Azərbaycan əsgəri döyüşüb və 3 min şəhid verib: “Türkiyə isə Azərbaycanın tək olmadığını göstərdi. Qardaşlıq gərəyi hər cür dəstəyi verdi”.

İsrail Baş naziri ilə bağlı məsələyə gəlincə, müəllif vurğulayır ki, Türkiyə baxımından bunun narahatlıq yaratması başadüşüləndir:

“Amma Azərbaycan nümayəndəsinin zalda qalması təkbaşına Azərbaycanın Netanyahunun bütün siyasətlərini təsdiqlədiyini sübut etmir. Eyni şəkildə Türkiyənin bu görüntüdən narahat olması da Türkiyə-Azərbaycan qardaşlığının bitdiyi anlamına gəlmir.

Məhz bu nöqtədə sosial media işə düşür. Bir fotoşəkil götürülür. Kontekstindən qoparılır. Üzərinə bir cümlə yazılır. Sonra minlərlə insan onu paylaşır. Və bir neçə saat sonra diplomatik reallıq sosial media reallığına çevrilir. Təhlükə də məhz buradadır. Amma burada da bir dövlətin xarici siyasətini adi bir görüntü üzərindən oxumamaq lazımdır.

Azərbaycanın İsraillə münasibətləri uzun illərdir enerji, müdafiə, texnologiya və təhlükəsizlik istiqamətləri olan çoxqatlı münasibətlərdir. Azərbaycanın İsraillə münasibət qurması Türkiyə ilə qardaş olmadığı anlamına gəlmir. Eyni şəkildə Türkiyənin Fələstin məsələsində İsrailə qarşı çox sərt siyasət yürütməsi də Azərbaycanın hər məsələdə Türkiyə ilə eyni diplomatik metodu mənimsəmək məcburiyyətində olduğu anlamına gəlmir. Dövlətlər bəzən eyni məqsədə fərqli yollarla gedirlər. Burada önəmli olan fərqliliyin düşmənçiliyə çevrilməməsidir”.

Doğanın sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin geosiyasi ölçüsü də gözardı edilə bilməz:

“Cənubi Qafqaz Rusiya, İran, Türkiyə, Qərb ölkələri və İsrailin müxtəlif səviyyələrdə maraqlarının kəsişdiyi regiondur. Azərbaycanın enerji ehtiyatları, Xəzərə çıxışı, Orta Dəhliz üzərindəki mövqeyi, Naxçıvan-Zəngəzur xətti, Ermənistanla münasibətləri və İsraillə təhlükəsizlik əlaqələri regional tarazlığa birbaşa təsir göstərir.

Türkiyənin də Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzanan iqtisadi və nəqliyyat bağlantılarında mühüm maraqları var. Məhz buna görə Türkiyə-Azərbaycan münasibətlərində baş verə biləcək mümkün ciddi qırılma yalnız Ankara və Bakının maraqlarına uyğun deyil. Amma bundan faydalana biləcək üçüncü aktorlar ortaya çıxa bilər”.

O əlavə edir ki, Türkiyə-Azərbaycan münasibətləri yalnız iki hökumət arasındakı münasibət deyil, bu, iki ölkədə yaşayan türklərin - qardaşların münasibətidir:

“Türkiyədə “Azərbaycan” deyiləndə ağla Qarabağ, Xocalı, Bakı, Şuşa, Heydər Əliyev, Əbülfəz Elçibəy, Nuri Paşa və Qafqaz İslam Ordusu gəlir. Azərbaycanda da “Türkiyə” deyildikdə Çanaqqala, Atatürk, Cümhuriyyət, Qurtuluş savaşı və sair. Bütün bunların ortaq tarix duyğuları var. Belə bir münasibəti bir neçə sosial media hesabının mübahisəsinə təslim etmək ağıldankənardır”.

Ali Doğan hesab edir ki, Azərbaycan və Türkiyə bütün bunları nəzərə alaraq aşağıdakı addımlar atmalıdır:

1. Ankara-Bakı arasında birbaşa kommunikasiya gücləndirilməlidir;

2. Birgə dezinformasiya monitorinq mexanizmi yaradılmalıdır;

3. “tənqid” ilə “düşmənçilik əməliyyatı” bir-birindən ayrılmalıdır;

4. Dövlətlər bir-birinin suverenlik həssaslığına diqqət etməlidir;

5. Qarabağ üzərindən rəqabət aparılmamalıdır;

6. Türk dünyası baxımından strateji kommunikasiya qurulmalıdır.

Müəllifin fikrincə, Türkiyə-Azərbaycan münasibətləri yalnız Ankara ilə Bakı arasındakı ikitərəfli münasibətlərdən ibarət deyil:

“Bu, Mərkəzi Asiyadan Qafqazadək uzanan geniş türk dünyasının siyasi, iqtisadi, mədəni və nəqliyyat əlaqələri baxımından da önəmlidir. Bu səbəbdən iki ölkə arasındakı fikir ayrılıqlarının “sosial media millətçiliyi” ilə böyüdülməsi daha geniş türk dünyası əməkdaşlığına zərər verə bilər.

Və ən önəmlisi - Türkiyə ilə Azərbaycanın qardaşlığı iki ölkənin heç vaxt fikir ayrılığı yaşamayacağı anlamına gəlmir. Əksinə, əsl qardaşlıq fikir ayrılığı yarandıqda münasibəti qoruyub saxlamaq iradəsidir. Türkiyənin Azərbaycana ehtiyacı olduğu qədər Azərbaycanın da Türkiyəyə ehtiyacı var. Amma bundan daha önəmlisi budur: Türkiyə ilə Azərbaycanın bir-birinə düşmən olması hər iki ölkənin də maraqlarına uyğun deyil. Belə bir qopmanın regional nəticələrini düşünmək belə bəs edir. Bu gün edilməli olan sosial mediada bir-birimizə qışqırmaq deyil; Ankara ilə Bakı arasında daha güclü diplomatik, iqtisadi, hərbi, mədəni və ictimai bağlar qurmaqdır”.

Məqalədə bildirilir ki, iki dövlətin maraqları həmişə eyni olmaya bilər, amma maraqlar fərqliləşdiyi zaman belə bir-birinin düşməni olmaq məcburiyyətində deyil:

“Əsl sınaq budur. Və bu gün Ankara ilə Bakının qarşısındakı məsələ kimin haqlı olduğunu sosial mediada elan etmək deyil; qardaşlığın üçüncü aktorların, saxta hesabların, dezinformasiyanın və nəzarətsiz qəzəbin əlinə buraxılmamasıdır”.

Ali Doğana görə, Türkiyə və Azərbaycan bir-birinə ehtiyacı var:

“Bəli, məsələyə emosional deyil, strateji baxımdan yanaşdıqda iki ölkənin bir-birinə ehtiyacı olduğu bəllidir. Türkiyənin Qafqaza və Mərkəzi Asiyaya açılımında Azərbaycanın mövqeyi önəmlidir. Azərbaycanın da Türkiyə ilə siyasi, iqtisadi, hərbi və mədəni münasibətlərinin strateji çəkisi var. Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi də bunun hüquqi-siyasi göstəricilərindən biridir”.

O yekunda qeyd edir ki, Ankara ilə Bakı arasında problem yarana bilər, amma araya divar çəkilməsinə imkan verilməməlidir.

Məqalənin orijinal və tam versiyası bu linkdə: https://millidusunce.com/misak/kardeslik-sinavda-turkiye-ve-azerbaycan/