BAKI, 18 noyabr. TELEQRAF

TRIPP layihəsinin praktiki icrası çərçivəsində Ermənistanın cənub hissəsində nəqliyyat kommunikasiyalarının qurulması üçün zəruri olan sərhəd sahələrinin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

Nikol Paşinyan qeyd edib ki, işlər daha əvvəl təqdim olunan istiqamətlər üzrə davam etdirilir:

"Biz TRIPP layihəsinin praktiki icrası mərhələsinə daxil oluruq".

Ermənistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşə də toxunub. O bildirib ki, görüş zamanı əvvəl əldə olunmuş ilkin razılaşmalar bir daha təsdiqlənib:

"Bundan sonrakı işlər delimitasiya komissiyalarının səlahiyyətində olacaq. Komissiyalar siyasi rəhbərlik səviyyəsində əldə edilmiş razılaşmaların icrasını təmin etməlidir".

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər.