BAKI, 18 noyabr. TELEQRAF
AVRO-2028-in seçmə mərhələsinin püşkatmasında Azərbaycan millisinin mümkün rəqibləri ilə bağlı səfər məhdudiyyətləri tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, UEFA uzun məsafəli səfərlərin qarşısını almaq məqsədilə bəzi ölkələrin eyni qrupa düşməsinə məhdudiyyət qoyub.
Qurumun müəyyənləşdirdiyi qaydalara əsasən, uçuş və yerüstü əməliyyatlar üçün tələb olunan ümumi vaxtı 8 saatdan az olmayan səfərlər uzunməsafəli hesab ediləcək. Belə ölkələrdən yalnız birinin eyni seçmə qrupunda yer almasına icazə veriləcək.
Bu məhdudiyyət Azərbaycan millisinə də aiddir. Yığmamız Cəbəllütariq, İslandiya və Portuqaliya ilə eyni qrupa düşərsə, səfər məsafəsi amili nəzərə alınacaq.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Belfastda keçiriləcək. Azərbaycan millisi püşkatmaya V səbətdən qatılacaq. Bu səbətdə komandamızla yanaşı, Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn yığmaları da yer alıb.