BAKI, 18 noyabr. TELEQRAF
Bakının Nəsimi rayonunda keçmiş həyat yoldaşını küçədə güllələyərək, qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, qətl hadisəsi 9 iyul 2026-cı il tarixdə Nəsimi rayonunun Mircəlal küçəsi, 2 a ünvanında baş verib.
Zaur Qəhrəmanov hadisə yerinə "BMW" markalı avtomobili ilə gəlib, avtomobili park etdikdən sonra keçmiş həyat yoldaşı Amaliyanı həmin əraziyə çağırıb. Ov tüfəngini isə avtomobilin yük yerində gizlədib. Amalya ilə mübahisədən sonra o, ov silahını götürərək qadına atəş açıb. Qətl hadisəsi qadının azyaşlı uşağının gözü qarşısında baş verib.
Onlar bir müddət əvvəl boşanıblar, azyaşlı uşaq qadında qalıb.
Zaur Qəhrəmanov hadisədən bir gün əvvəl övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. Buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.
İstintaq səndəllərinə görə, qətl hadisəsi baş verən gün Zaur Qəhrəmanov ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Amalya uşaqla birlikdə aptekdə olub. Qadın uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib.
Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib, uşaqla avtomobildə görüşmək istəyib. Amalya razılaşıb, uşağı atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Amalya uşağı ondan alaraq işlədiyi aptekə qaçıb.
Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib.
Ailəli olduqüları vaxt Zaur arvadına dəhşətli işgəncələr verib. O, arvadının evdən açıq-saçıq getməsi və ev əşyalarının yerində olmamasını bəhanə gətirərək bu əməlləri törədib.
Zaur Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə - xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 133.2.4 (iki və ya daha çox şəxsə qarşı əzab vermə (mütəmadi olaraq döymə və ya başqa zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya mənəvi əzablar vermə), 133.2.6 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə işgəncələr verməklə əzab vermə), 221.3 (xuliqanlıq, yəni cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan ictimai qaydanı kabud surətdə pozan hərəkətlərin silahdan və ya silah kimi istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi), 228.1 (qanunsuz olaraq odlu silah (hamarxətli milli ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və ya qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 229.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və ya qurğuları hazırlama və ya təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən Zaur Qəhrəmanov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bilib. O, arvadına əzab verməkdə özünü təqsirli bilməyib.
Növbəti proses dekabrın 16-da davam edəcək.