BAKI, 18 noyabr. TELEQRAF
Növbəti büdcə ili üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 mln.manat proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, əvvəlki illərdən istifadə olunmayan vəsait hesabına 2027-ci ildə xərclərin maliyyələşdirilməsinə 50,3 mln.manat yönəldilməsi nəzərdə tutulub. Fondun əsas maliyyə mənbəyi əvvəlki illərdə olduğu kimi, işsizlikdən sığorta haqları üzrə gəlirlər olacaq. Belə ki, 2027-ci ildə işsizlikdən sığorta haqları üzrə proqnozlaşdırılan 267,2 mln.manat məbləğində məbləğ Fondun gəlirlərinin 99,4%-ni, cəmi daxilolmalarının 83,7%-ni təşkil edir. Qeyd edək ki, bu mənbə üzrə proqnozlaşdırılmış gəlirlər 2025-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 33,7 mln.manat və ya 14,4%, 2026-cı ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə isə 30,6 mln.manat və ya 12,9%, çoxdur.
Fondun növbəti il üzrə daxilolmalarında artım tendensiyası müşahidə olunsa da, sonrakı il üzrə azalma, növbəti illərdə isə bu göstərici ilə müqayisədə artım proqnozlaşdırılıb:
"Bu meyil əvvəlki ildə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin növbəti ildə istifadəsi ilə bağlı nəzərdə tutulmuş göstəricinin davranışı ilə izah olunur. Belə ki, cari ildə bu mənbə üzrə vəsaitlərin icra edilməməsi fonunda növbəti ildə həmin mənbədən vəsait proqnozlaşdırılıb. Bu məbləğ 2026-cı ilin təsdiqlənən göstəricisi ilə müqayisədə 1,8 dəfə çoxdur".