BAKI, 18 noyabr. TELEQRAF

2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin I yarısının sonuna İşsizlikdən Sığorta Fondunun (İSF) debitor və kreditor borclarında artım müşahidə edilib. Belə ki, 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin I yarısı üzrə Fondun kreditor borcları 1 795,4 min manat və ya 43,2%, debitor borclar isə 3 181,5 min manat və ya 47,3% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən,Fondun debitor borclarının 61,6 %-i əsas borcdan, 38,4 %-i faiz və maliyyə sanksiyaları üzrə yaranmış borcdan ibarət olub.

Fondun 2026-cı ilin 1 iyul tarixinə qeydə alınan debitor borclarının 1,6 %-i və ya 162,7 min manatı büdcə təşkilatları, 24,0 %-i və ya 2 375,7 min manatı əsas iri sığortaedənlər, 15,5 %-i və ya 1 531,0 min manatı dövlət mülkiyyətində olan digər təşkilatlar, 1,2%-i və ya 116,0 min manatı bələdiyyə mülkiyyətində olan təşkilatlar, 47,6 %-i və ya 4717,6 min manatı digər hüquqi şəxslər və 10,1 %-i və ya 1000,5 min manatı isə fiziki şəxslər üzrə formalaşıb.

Dövlət Vergi Xidməti tərəfindən Hesablama Palatasına təqdim edilən məlumatlara əsasən, Fondun 2025-ci ilin əvvəlinə 4 154,3 min manat təşkil edən kreditor borcları 2026-cı il 1 iyul tarixinə 5 949,7 min manata çatıb. Beləliklə, qurumun borcu 1 795,4 min manat və ya 43,2% artıb. Artımın əsas hissəsi digər hüquqi şəxslər üzrə formalaşmış kreditor borcların payına düşmüşdür. Belə ki, həmin kateqoriya üzrə borclar ümumi kreditor borcun 62,7 %-ni təşkil edib.