BAKI, 18 noyabr. TELEQRAF

Rusiya Ukrayna üzrə ABŞ ilə aparılan danışıqlarda NATO-nun 1997-ci il sərhədlərinə qayıtması müqabilində Kalininqrad vilayətindən öz qoşunlarını çıxarmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadla bildirib.

Mənbələrin sözlərinə görə, bu ideyanı Avropadakı müttəfiqlərə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner çatdırıb. Onlar Ukraynada müharibənin başa çatdırılması üçün “yeni yanaşmalar”ın zəruri olduğunu bildiriblər. Avropa İttifaqı liderləri təklifi rədd etsələr də, Rusiya ilə təhlükəsizlik məsələləri üzrə texniki danışıqlar aparmağa razılaşıblar.

“The Telegraph” bundan əvvəl yazıb ki, Rusiya Prezidenti Vladimir Putin sülh prosesinə Avropa nümayəndələrinin cəlb olunmasını və NATO-nun şərqə doğru genişlənməsindən imtina məsələsinin müzakirəsini təklif edib. Noyabrın 11-də Əbu-Dabidə ABŞ və Ukrayna ilə keçirilən üçtərəfli danışıqlarda isə Rusiya nümayəndə heyəti müharibənin başa çatdırılması üçün Şimali Atlantika Alyansının 1997-ci ildən sonra alyansa üzv olmuş ölkələrdəki hərbi mövcudluğunun azaldılmasını tələb edib.

Moskvanın nümayəndələri NATO-nun Ukrayna və postsovet məkanının digər dövlətləri ilə əməkdaşlığı azaltmalı olduğunu da bəyan ediblər. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri Rusiya üçün “təhlükəsizlik təminatları” kimi təqdim edib.

Moskva oxşar şərtləri 2021-ci ilin dekabrında, Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə həftə əvvəl də alyans qarşısında irəli sürmüşdü. Həmin vaxt Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-dan “əşyalarını yığışdırmağı” tələb etmiş, alyansı Rusiyanı guya “geri sıxışdırmağa” və “asılı vəziyyətə salmağa” çalışmaqda ittiham etmişdi.

“The Telegraph”ın mənbələri vurğulayıblar ki, bu cür şərtlər Şimali Atlantika Alyansı üçün qəbuledilməzdir. 1997-ci il sərhədlərinə qayıtmaq NATO qoşunlarının və silahlarının alyansın 32 üzv ölkəsindən ən azı 16-sının ərazisindən çıxarılmasını nəzərdə tutur. Bu ölkələrə Varşava Müqaviləsi Təşkilatının bütün keçmiş üzvləri, Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın altı respublikasından dördü, eləcə də Albaniya, Finlandiya və İsveç daxildir.

NATO-nun təsis müqaviləsinin 10-cu maddəsi “açıq qapı” siyasətini təsbit edir. Müqavilənin tələblərinə cavab verən istənilən Avropa dövləti öz istəyi və alyansın bütün mövcud üzvlərinin razılığı ilə NATO-ya qoşula bilər. Bu prosesə üçüncü tərəflərin müdaxiləsi nəzərdə tutulmur.