BAKI, 18 noyabr. TELEQRAF

Bakının Nəsimi rayonunda eyni evdə kirayə yaşadıqları tanınşını öldürməkdə, daha sonra meyiti Ağsu rayonunda dağdan atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovum sədrliyi ilə keçirilən prosesdə istintaq materiallarına əlavə edilmis sənədlərin tədqiqinə başlanılıb.

Hadisə yerində ifadələrin yoxlanilması zamanı qeydə alınmış videogörüntülər nümayiş etdirilib.

Növbəti proses dekabrın 9-da davam edəcək.

İttihama görə, 2025-ci il avqustun 8-də Bakı sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı Nəsimi rayonundakı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırması zamanı məlum olub ki, qətli hadisəsini Fazil Feyzullayev digər tanışı Ülvi Abbasov ilə birlikdə törədinb.

Hadisə pul üstündə baş verib.

Fazil Feyzullayev və Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.