BAKI, 18 sentyabr. TELEQRAF
Ermənistan parlamentində müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Şiraz Manukyanın çıxışı zamanı gərginlik baş verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Mərkəzi Seçki Komissiyasının illik hesabatının müzakirəsi zamanı Manukyan MSK sədri Vaaqn Hovakimyana müraciət edərək bildirib ki, iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, təxminən 60 min səs toplamış daha bir siyasi qüvvə - “Çiçəklənən Ermənistan” parlamentə daxil olmalı idi.
Deputat MSK-nı partiyanın parlamentə daxil olmasına imkan verməməkdə günahlandırıb. Manukyanın sözlərinə görə, məqsəd hakim “Vətəndaş Müqaviləsi”nin mandatlarının sayını üç nəfər artırmaq deyil, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyanın İrəvanda İsa Məsihin heykəlinin qoyulması planına mane olmaq olub.
Manukyan Sarukyanın həbsini də bununla əlaqələndirib: “Əgər bu heykəl ucaldılmış olsaydı, bu, hakimiyyətin bəzi nümayəndələrinin mənəvi hisslərinə təhqir olardı”.
Parlament sədrinin müavini Vaaqn Aleksanyan bu sözləri təhqiramiz hesab edib, Manukyanın çıxışını yarımçıq kəsib və mikrofonunu söndürüb:
“Həddinizi bilin. Sizə xəbərdarlıq edilir. Necə danışmaq lazım olduğunu öyrənənə qədər gedib yerinizdə oturun. Sizin dediyiniz sadəcə təhqir deyil, çox pis təhqirdir”.
Bir neçə dəqiqə sonra parlamentin sədri Ruben Rubinyan zala gəlib. O, deputatları siyasi mübahisələr zamanı zərurət olmadan dini mövzulara toxunmamağa çağırıb.
Sarukyan 2022-ci ilin yanvarında Ermənistanda hündürlüyü 33 metr olan İsa Məsih heykəlinin ucaldılması planlarını açıqlamışdı. Abidəyə qədər 5 kilometr uzunluğunda yol və kanatın çəkilməsi, dağın ətəyində isə mehmanxanalar, kafelər, restoranlar və digər obyektlərin inşası planlaşdırılırdı. Heykəlin Abovyan şəhəri yaxınlığındakı Atis dağında ucaldılması nəzərdə tutulurdu. Bu, dünyada ən uca Məsih heykəli olmalı idi.
İlkin olaraq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tikintinin dayandırılmasını tələb edib və dağın yamaclarında “qədim yaşayış məskəninin xarabalıqları”nın yerləşdiyini bildirib. Nazirlik Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun rəyini təqdim edib. Həmin rəyə əsasən, heykəlin təməlinin tikintisi nəticəsində “qədim abidə”yə zərər dəyib.
Qaqik Sarukyan iyulun 6-da dələduzluğa kömək və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaq, eləcə də vəhşi heyvanların və quşların qanunsuz ovlanması ittihamları ilə həbs olunub.