BAKI, 2 iyun. TELEQRAF
“Rusiyadan seçki rüşvəti alıb radikal müxalifətə səs vermək üçün Ermənistana gələnlər həbs olunur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
“Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsi artıq bir nəfərin həbs olunduğunu və növbəti yeddi gözəl ili həbsxanada keçirəcəyini açıqlayıb. Rusiyada seçki rüşvətini alanların gələn kimi dərhal həbs olunacağını söyləyəndə müxalifətçilər deyirdilər ki, “Bizi hədələyirsiniz?”. Biz də cavab verdik ki, “Tezliklə biləcəksiniz”, - o bildirib.
Rubinyan əlavə edib ki, hökumət Rusiyada Ermənistan vətəndaşlarına seçki rüşvəti paylayanların hamısını tanıyırlar.
“Seçki rüşvətləri paylayanların siyahısı əlimizdədir, istisnasız olaraq hamısının Ermənistanın penitensiar müəssisələrində gözəl vaxt keçirməsi gözlənilir. Burada onlara zorla vətənpərvərliyin nə olduğunu və niyə öz dövlətinə qarşı çıxmamalı olduqlarını öyrədəcəyik”.