BAKI, 6 may. TELEQRAF

“Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyətləri dövründə Ermənistanda keçirilən bütün seçkilərin nəticələri saxtalaşdırılırdı”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker bildirib ki, saxta seçkilər o zaman Ermənistanı Rusiya qarşısında diz çökdürmüşdü:

“MSK nəticələri hələ elan etməmiş Rusiya təbrik edirdi. Çünki burada öz adamlarını təyin etmişdilər, güc strukturlarımızın böyük hissəsi həmin ölkə ilə razılaşdırılmışdı, bütün siyasi kursumuz koordinasiya edilir və paralel şəkildə aparılırdı”.

Simonyan qeyd edib ki, 2018-ci ilə qədər siyasi mənada Ermənistanın müstəqilliyi olmayıb.

Parlament sədrinin sözlərinə görə, Robert Köçəryan, Serj Sərkisyan və Samvel Karapetyan erməni xalqı üçün lənətdir: “Bu lənəti – Köçəryan, Serj və xaricdən gələn oliqarxları ölkəmizin üzərindən götürmək lazımdır”.