BAKI, 29 aprel. TELEQRAF

“Ermənistanın radikal müxalifəti – Robert Köçəryan, Serj Sərkisyan və Samvel Karapetyan Rusiyadan aldıqları əmrlərlə hərəkət edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

“Ermənistan müxalifəti elə Putinin özüdür, o istəyir ki, Ermənistan Rusiyanın təsiri altında qalmaqda davam etsin. Onlar bizi yenidən Rusiyanın çirkli çəkməsinin altına atmaq üçün sülh istəmirlər. Deqradasiyaya uğrayıblar. Putinin qucağında balalaykaya çevriliblər, cingildəyirlər. Bunlar qaloş geyinib “Moskviç” sürmək istəyirlər.

Bu alçaqları seçkilərdən əvvəl Ermənistana qarşı informasiya diversiyası aparmaq üçün icarəyə götürüblər. Başqa yerlərdə belələri ilə fərqli davranırlar”, - siyasətçi bildirib.

Mehrabyan hesab edir ki, Serj Sərkisyan və Robert Köçəryanın ipləri eyni yerə gedib çıxır: “Nə vaxt lazımdır, mübahisə edirlər, nə vaxt lazım deyil, susurlar”.