BAKI, 23 aprel. TELEQRAF
Ermənistanın sabiq prezidenti Robert Köçəryan rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın ölkə müxalifətin lideri olması fikri ilə razı deyil.
Teleqraf xəbər verir ki, bu barədə o, RTVI telekanalına müsahibəsində bildirib.
Samvel Karapetyanı Ermənistan müxalifətinin lideri hesab edib-etmədiyi soruşulduqda Köçəryan belə cavab verib:
“Bu formulla razı deyiləm. “Müxalifət lideri” nə deməkdir? Bir neçə kifayət qədər böyük müxalifət formatı var ki, onların hər biri qələbəyə iddia edir, hər biri qələbəyə meyllidir. Müxalifət meydanını bir şəxsdə ümumiləşdirmək və təyin etmək sadəcə siyasi cəhətdən savadsızlıqdır. Sosioloji sorğular üzrə kiminsə irəlidə, kiminsə bir az geridə qalması barədə danışa bilərik, amma bu o demək deyil ki, “müxalifət lideri” anlayışı bütün müxalifəti birləşdirən şəxs deməkdir. Bu, belə deyil”.
Köçəryan özünün də “müxalifət lideri” olduğu barədə fikirlərlə razılaşmayıb: “Ön sıralardayam, amma ümumi müxalifət meydanının lideri deyiləm. Bunlar fərqli anlayışlardır”.