BAKI, 17 aprel. TELEQRAF

“Üçbaşlı müharibə partiyası” iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə birdəfəlik siyasətdən uzaqlaşdırılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

Hökumət başçısının fikrincə, bu, qarşıdakı parlament seçkiləri ilə mümkün olacaq.

Baş nazir “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan, “Ermənistan” blokunun lideri Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanı “siyasi alçaqlar” adlandırıb.

“Əgər “Güclü Ermənistan” Partiyası, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə daxil ola biləcəyini söyləyənlər varsa, bu, Ermənistan vətəndaşlarına qarşı hörmətsizlikdir. Bir gün xalqın adını çəkdiklərini görmüsünüzmü? Bir dəfə də çəkməyiblər. Bəs biz xalqa istinad etmədən bir söz dedikmi? Demirik. Məsələn, biz deyirik ki, əziz xalqım, sülhə sahib çıxın”, - o bildirib.

Nikol Paşinyan Köçəryan, Sarukyan və Karapetyanın partiyalarının seçkilərdə lazımi sayda səs toplaya bilmədikləri üçün parlamentə girməyəcəklərini vurğulayıb:

“Hibrid dezinformasiya vasitəsilə xalqı bu qədər həyasızlıqla yalanların girdabına salmağa çalışan siyasi qüvvə bir daha parlamentdə görünə bilməzlər”.