BAKI, 11 aprel. TELEQRAF
“Sülh məndən və ya komandamdan yox, qarşıdan gələn parlament seçkilərində bunun üçün öz iradəsini göstərməli olan erməni xalqından asılıdır”.
Teleqraf xəbər verir ki, bunu Taşir şəhərində sakinlərlə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan vətəndaşın sülhlə bağlı sualına cavab olaraq deyib.
O bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə “Tanrım, sülhün müdafiəsinə qalx” şüarı ilə iştirak edir.
“Bu o deməkdir ki, sülh məndən və ya komandamızdan yox, xalqdan asılıdır. Xalq bu seçkilərdə öz sülhsevər iradəsini göstərməlidir”, - Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, bu iradə sülh proqramı və şüarı olan qüvvələrin lehinə ifadə olunmalıdır.
Nikol Paşinyan 29, 7 min kvadrat kilometr ərazi ilə kifayətlənməyən və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxan “xəritələr”in yer aldığı video və posterlərlə çıxış edən siyasi qüvvələrin hakimiyyətə gəlməsinin münaqişə və müharibə demək olacağına inandığını söyləyib.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bundan əvvəl iddia etmişdi ki, Ermənistan böyük diaspora malik ölkədir, 29 743 kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalıdır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.