BAKI, 24 mart. TELEQRAF

“Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə son telefon danışığında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha qarşı tərəfin diqqətinə çatdırıb”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ceyhun Bayramov bundan əvvəlki telefon danışığında da bu məsələyə toxunmuşdu. Doğru strategiyadır. İran rəsmiləri əvvəlcə söylədilər ki, Naxçıvana dronu onlar atmayıblar, onda onlara bildirildi ki, belədirsə, məsələni araşdırın. İran tərəfi məsələni araşdıracağını vəd etdi, indi isə bu məsələnin üstündən sakitçə keçməyə çalışırlar. Buna baxmayaraq, Naxçıvana dron atışı ilə bağlı araşdırma tələbini həmişə Tehrana xatırlatmağa ehtiyac var.

Bu, SEPAH generallarını ölkəmizə qarşı növbəti mümkün təxribatdan çəkindirmək məqsədi daşıyır. Körfəz ölkələrinin bir qismi, o cümlədən Səudiyyə Ərəbistanı üzləşdiyi raket zərbələri qarşılığında artıq müharibədə ABŞ-yə dəstək barədə düşünür. Əlbəttə, bunun riskləri var, ancaq SEPAH qonşu ölkələri hədəf almaqla, həmin dövlətlərə başqa seçim qoymur”, - politoloq qeyd edib.