BAKI, 27 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh prosesində birdən çox zaminin olmasının lazım olduğuna dair fikirlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Polşadakı erməni icmasının nümayəndələri ilə görüşündə danışıb.

“Azərbaycanla sülh müqaviləsində birdən çox zaminin olması və sair barədə çox danışılır. Məncə, bu, köhnə düşüncə tərzimizin nəticəsidir. Çünki de-yure öhdəliklərimiz üzrə qeydə alınmış təhlükəsizlik qarantımızın olduğunu unuduruq. Əvvəllər regional problemlərlə qarşılaşdıqda ilkin reaksiyalarımız “kimə zəng etməliyik” sualı olurdu. Bu, bizim birinci, ikinci, üçüncü, dördüncü reaksiyamız idi, amma bir anda bunun səhv yanaşma olduğunu anladıq.

Daxilimizdə baş verən əsas siyasi dəyişiklik problemin bizim problemimiz olduğunu və problemimizin sahibi biz olduğumuzu anlamağımızdır. Buna görə də, bu problemi həll etmək bizim məsuliyyətimizdir. Getdik, ağrımızı ikiqat, bəzən üçqat, bəzən beşqat, bəzən onqat artırmaqla problemi həll etdik, çünki başa düşmüşdük ki, ağrı bizimdir, onu sağaltmalıyıq, bu ağrı başqalarına zərər vermir, bizə zərər verir. Buna görə də, anlayışımız budur ki, dünya, vəziyyət və problemimizi qavramaq və ona həll yolu tapmaq qabiliyyətinə malik olan biz özümüzün qarantlarıyıq”, - Ermənistan Baş naziri bildirib.