BAKI, 14 yanvar. TELEQRAF
“İranın İrəvandakı səfiri Xalil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər”.
Teleqraf xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birlərinə iradları olmayıb:
“Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ ilə müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp Marşrutu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib. İran səfirinin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması ikili münasibətlərdə mövcud vəziyyətdən xəbər verir. Bəllidir ki, səfir İran Xarici İşlər Nazirliyinin təlimatı əsasında Ermənistan hökumətinin siyasətini sərt tənqid edib.
İrəvanda yaşayan iranlıların İran səfirliyi qarşısında ölkələrindəki etiraza dəstək verməsi səfirin narazılığına səbəb olub. Şirqulamini narazı salan həm də Ermənistan polisinin səfirlik qarşısında etiraza şərait yaratması olub. İranlı diplomat “Ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehranı arxa çevirdiyini demək istəyib.
Səfirin son cümləsini belə də oxumaq olar: “Azərbaycan torpaqlarının işğalında sizə vediyimiz dəstəyi unutdunuz”.
Nikol Paşinyan İranda gec və ya tez rejimin dəyişəcəyinin fərqindədir. Ona görə o qəddar rejimlə tərəfdaş olmaqdansa, dünyanın superdövləti ABŞ ilə sıx tərəfdaşlığa üstünlük verib. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə də yaxşı dərsdir”.