Gürcüstan parlamenti üçüncü və son oxunuşda 2007-ci ildə o zamankı prezident Mixeil Saakaşvilinin yaratdığı Cənubi Osetiya (Sxinvali) müvəqqəti administrasiyasının ləğvi barədə qanun qəbul edib.
Teleqraf xəbər verir ki, qanun layihəsini 83 deputat dəstəkləyib.
Qanun imzalanması üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə göndəriləcək. Prezidentin bunu imzalaması üçün iki həftə vaxtı var. Qurum 2026-cı il yanvarın 1-də ləğv olunacaq.
Gürcüstan hökumətinin Cənubi Osetiya administrasiyasını ləğv etmək qərarını parlamentin spikeri Şalva Papuaşvili noyabrın 17-də açıqlayıb. Spikerin iddiasına görə, Gürcüstan uzun illər Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmaması siyasəti üzərində işləyərkən, keçmiş hakimiyyətin “Cənubi Osetiya” terminindən istifadə etməsi vətənə xəyanətdir. Papuaşvili qeyd edib ki, 2007-ci ildə Cənubi Osetiya administrasiyasının yaradılması 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya Muxtariyyətinin sərhədlərinin bərpasına səbəb olub və bu, sonradan 2008-ci il konfliktinə gətirib çıxaran faktorlardan biri olub.
Cənubi Osetiya administrasiyası 2007-ci ildə keçmiş prezident Mixeil Saakaşvili tərəfindən yaradılıb. Tbilisidə yerləşən administrasiyaya işğal altında olan bölgəyə rəhbərlik funksiyaları tapşırılıb.
Xatırladaq ki, Cənubi Osetiya və ya Sxinvali 1990-cı illərdən Rusiya ordusunun işğalı altındadır. Moskva 2008-ci ildə bölgədəki separatçı rejimi “müstəqil dövlət” kimi tanıyıb.