BAKI, 16 dekabr. TELEQRAF

“Gürcüstanla Rusiya arasında münasibətlərin normallaşması üçün əsas şərt Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımasıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Artıq Gürcüstanla Rusiya arasında münasibətlərin bərpası üçün hansı şərtin olduğunu bəyan etmişik. Münasibətlər yalnız o halda bərpa oluna bilər ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanısın. Rusiya münasibətlərin normallaşması üçün hansı şərtin olduğunu çox yaxşı bilir. Biz də normallaşmanın tərəfdarıyıq və bunun əsas şərti Gürcüstanın ərazi bütövlüyünün tanınmasıdır”, - spiker deyib.

Papuaşvili vurğulayıb ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmət etmir:

“Bizim milli marağımız ölkənin bütövlüyünün bərpası və rifahıdır. Ölkənin bütövlüyü dedikdə suverenlik nəzərdə tutulur. Suverenliyimizə hörmət etməyənlərə qarşı müvafiq münasibətimiz olacaq. Rusiya bizim suverenliyimizə hörmət etmir, buna görə də Rusiya ilə diplomatik münasibətlərimiz yoxdur və münasibətlərin bərpası üçün hansı şərtin olduğu açıq şəkildə bildirilib. Bu şərt ərazi bütövlüyünün bərpası və suverenliyə hörmətdir”.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bundan öncə Moskvanın Tbilisi ilə münasibətləri normallaşmağa hazır olduğunu açıqlamışdı.

Xatırladaq ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın işğalı altındadır. Tbilisi 2008-ci ildə bu iki bölgəni “müstəqil dövlət” kimi tanıyan Moskva ilə əlaqələri dayandırıb.