BAKI, 19 noyabr. TELEQRAF

Ermənistan hökuməti müasir silahlar və avadanlıqların vətəndaşlara göstərilməsi zamanı məlumatların məxfiliyinin necə təmin olunacağı ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.

Nikol Paşinyanın aparatından deyilib ki, əgər təqdim olunacaq məlumat dövlət sirri hesab edilərsə, məsələ “Dövlət sirri haqqında” qanunda nəzərdə tutulmuş mexanizmlər və tədbirlər kompleksi ilə tənzimlənəcək:

“Əgər məlumat dövlət sirri hesab olunmasa, amma onun dərc olunması məqsədəuyğun sayılmasa, onda kameralar, mobil telefonlar və digər çəkiliş vasitələrinin istifadəsinə qadağa da daxil olmaqla başqa tədbirlər görüləcək. Vətəndaşların seçilməsinə gəlincə, hökumət bildirir ki, bu məsələdə heç bir məhdudiyyət yoxdur”.

Xatırladaq ki, bu təşəbbüslə noyabrın 8-də Baş nazir Nikol Paşinyan çıxış etmişdi. Bakıda 8 Noyabr Zəfər Günü ilə əlaqədar hərbi paradın keçirildiyi gün o bəyan etmişdi ki, hökumət ölkənin keçmiş liderləri və adi vətəndaşlara ordu üçün alınmış yeni silah və texnikaları göstərməyə hazırdır. Paşinyan bunun üçün 50 nəfərlik qruplar formalaşdırılıb hərbi obyektlərə səfərlərin təşkilini təklif etmişdi.

Baş nazir bu qərarı keçmiş prezident Serj Sərkisyanın 44 günlük müharibə dövründə Paşinyan və komandasının fəaliyyətinə yönəlmiş tənqidlərinə cavab olaraq açıqlamışdı. Paşinyan bununla keçmiş hökumətdən qalan hərbi irslə ordunun hazırkı vəziyyəti arasındakı fərqi göstərmək istədiyini söyləyib.

Müxalifət deputatları baş nazirin təklifini tənqid edərək bildiriblər ki, hökumət seçkiqabağı piar üçün ordunu təbliğat vasitəsinə çevirib.