BAKI, 20 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə parlament müxalifətinə yeni konstitusiya ilə bağlı referendum keçirilməsi təklifini verib.
Teleqraf xəbər verir ki, bu barədə o, parlamentin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
“Müxalifətə təklif edirəm ki, zəruri olan 6 səsi təmin etsin, bu halda referenduma gedəcəyik. Rəsmi şəkildə bəyan edirəm: əgər xalq yeni konstitusiyaya qarşı səs versə, yəni arqumentlərim ictimaiyyətimizi inandırmasa, referendumun nəticələrinin rəsmi elanından sonra bir həftə ərzində istefa verəcəyəm.
Həmçinin rəsmi şəkildə bəyan edirəm: əgər xalq konstitusiyanın lehinə səs versə, növbəti seçkilərdə - istər növbəti müddətli, istərsə də növbədənkənar seçkilər olsun - baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”, - hökumət başçısı bildirib.
Paşinyanın fikrincə, müxalifət bu təklifi qəbul etməyəcək:
“Amma hər halda, bu təklifi açıq saxlayıram. Bu, açıq təklifdir və mən ona müxalifətin son dövrlərdə müxtəlif fürsətlərdə səsləndirdiyi arqumentlər kontekstində baxmaq istəyirəm. Bu insanlar əslində nə deyirlər? Onlar 2026-cı ilin iyununda keçirilən seçkilərin nəticələrini şübhə altına almaq istəyirlər”.