BAKI, 19 noyabr. TELEQRAF

“Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi prosesi yaxın vaxtlarda praktiki icra mərhələsinə keçəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, layihəyə hələ seçkiqabağı təşviqat dövründə müzakirə olunan əsas siyasi dayaqlar daxil edilib.

Parlamentdə keçirilən müzakirələrə toxunan baş nazir qeyd edib ki, həmin müzakirələr prosesin mühüm məqamlarını üzə çıxarıb. O, “Hayastan” fraksiyasına və “Daşnaksütyun”a müraciət edərək, “Vahid Ermənistan” (və ya “Böyük Ermənistan”) xülyasına sadiq olub-olmadıqlarına dair cavab tələb edib.

Paşinyanın sözlərinə görə, bu məsələ müxalifətin konstitusiya dəyişikliklərinə niyə qarşı çıxması və daim 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməsi ilə birbaşa bağlıdır: “Etiraf etməliyik ki, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsi ilə Sovet Ermənistanından Daşnaksütyun Ermənistanına keçid etmişik və Daşnaksütyunun “Böyük Ermənistan” vizyonunu dövlətimizin təməlində qoymuşuq. Ermənistan Ümumxalq Hərəkatının rəhbərliyi siyasi kompromislər nəticəsində Daşnaksütyun Ermənistanı yaradıb”.

O qeyd edib ki, Müstəqillik Bəyannaməsində “Qərbi Ermənistan və Qarabağla yenidən birləşmə”yə dair müddəalar Ermənistanı münaqişə məntiqinə sürükləyib.

Paşinyan bu məntiqdən kənara çıxmağın vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin “Qərbi Ermənistan” iddiasının cavabı Şərqi Türkiyə və Qərbi Azərbaycandır.

Baş nazir həmçinin “Güclü Ermənistan” və “Hayastan” fraksiyalarına belə bir sual da ünvanlayaraq, onların Qarabağ ermənilərinin “geri qayıtmaq hüququ”nu dəstəkləyib-dəstəkləmədiklərini soruşub. O izah edib ki, bu suala müsbət cavabı münaqişə məntiqinə gətirib çıxaracaq: “Başqa bir məntiq də var: mövqelərimizi legitimlik prinsipi üzərində qurmaq. Bu, bizə regional və beynəlxalq siyasətdə möhkəmlik, dayanıqlılıq və anlaşıqlılıq qazandırır”.