BAKI, 20 noyabr. TELEQRAF
“Avropa İttifaqına (Aİ) üzvlük istəyinin yeni konstitusiyada təsbit edilməsi gündəmdə deyil, hazırda buna ehtiyacımız yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Alen Simonyan deyib.
TŞ-nin keçmiş katibi Armen Qriqoryanın “Qərbə yaxınlaşmağa çalışdıqca, Moskvanın qucağına düşürük” tezisinə münasibətini bildirən Alen Simonyan sələfinin 2013-cü ildə Serj Sərkisyanın Aİ ilə Assosiasiya Sazişi üzrə danışıqlar apardığı halda, bir gecədə qərarını dəyişərək Ermənistanı Gömrük İttifaqına daxil etməsini nümunə göstərməsinə belə cavab verib:
“Onun mövqeyinə hörmətlə yanaşıram, çünki əvvəllər də oxşar fikirlər səsləndirib. Amma mənim iki sualım var. Bəs o, son səkkiz il ərzində nə edirdi? Qərbə inteqrasiyaya çalışmırdı? Belədirsə, onda sual yaranır: o, nə ilə məşğul idi? Özünün balanslaşdırılmış siyasət yürütdüyünü deməsi yalan olardı, çünki belə olmayıb. O, balanslaşdırılmış siyasət aparmayıb, Avropaya inteqrasiyanın tərəfdarlarından biri olub. Bəs son səkkiz ildə nə ilə məşğul olub, bu tezis çərçivəsində nə edib?
İkincisi, 2013-cü il nümunəsi yersizdir. Çünki seçilmiş hakimiyyətə maliksənsə və hakimiyyət Brüsseldən, Moskvadan, Vaşinqtondan və ya hansısa başqa paytaxtdan təyin edilmirsə, nə edəcəyinə özün qərar verirsən. Bir çox məsələlərdə dəfələrlə bizə təzyiq göstərərək, bizə atəş açaraq, hücum edərək Ermənistan Respublikasının istiqamətini bir gecədə deyil, bir ay ərzində dəyişməyə cəhd ediblər. Amma buna nail ola bilməyiblər, çünki Ermənistan Respublikasının seçilmiş hakimiyyəti var”.
Xatırladaq ki, Alen Simonyan Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postunda bu ilin avqustunda əvəzləyib. Ermənistan Baş naziri Nikol Paşinyanın gözlənilməz qərarı Armen Qriqoryanın narazılığına səbəb olub. TŞ-nin keçmiş katibi bundan sonra Nikol Paşinyan hökumətinin xarici siyasətini tənqid etməyə başlayıb.