BAKI, 19 noyabr. TELEQRAF
Ermənistan hökuməti noyabrın 19-da keçirilən iclasında Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında məsləhət dəstəyinə dair əməkdaşlıq sazişinin imzalanması təklifini təsdiqləyib.
Teleqraf xəbər verir ki, sazişin “Şərq tərəfdaşlığı: Nəqliyyat infrastrukturuna investisiyalar” təşəbbüsü çərçivəsində imzalanması nəzərdə tutulur.
Qeyd edilib ki, “Sülh kəsişməsi” təşəbbüsü çərçivəsində regional nəqliyyat infrastrukturunun inkişafı və Ermənistanın tranzit potensialının gücləndirilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına və avtomobil yollarının tikintisi üçün hazırlıq işlərinə başlanılıb:
“Bu işlər M7 (Gümrü-Spitak-Vanadzor-Dilican) magistralının Axurik kəndi yaxınlığında yerləşən hissələrini, həmçinin Türkiyə ilə sərhəddə yerləşən Marqara sərhəd-keçid məntəqəsinin ərazisindən keçən Marqara-Vardanaşen istiqamətindəki yolu əhatə edir.
Saziş çərçivəsində M4 (İrəvan-Sevan-İcevan) yolunun prioritet hissələrində həyata keçirilə biləcək işlərin də qiymətləndirilməsi nəzərdə tutulur.
Nəzərdən keçirilən yolların ümumi uzunluğu 30 kilometr təşkil edir. Bu marşrutlar Ermənistan ərazisindən keçməklə şimal və cənub, eləcə də qərb və şərq arasında səmərəli nəqliyyat əlaqəsini təmin edə biləcək xüsusi əhəmiyyətli yollar kimi qiymətləndirilir”.