BAKI, 8 noyabr. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında Azərbaycanın Zəfər Günü münasibəti ilə növbəti paylaşımını edib.

Teleqraf xəbər verir ki, paylaşımda bu gün Bakıda keçiriləcək hərbi paradda Türkiyə komandolarının iştirakına diqqət çəklilib.

“Salam olsun sənə, qardaş Azərbaycan!

8 Noyabr Zəfər Gününüz mübarək olsun!

Bu gün qəhrəman komandolarımızın cəsarət və qardaşlıq səsi Bakı küçələrini bürüyəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq.

Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri də Ay-Ulduzun gücünü Bakı səmasında əks etdirərək, əbədi qardaşlığımızı dünyaya bəyan edəcək”, - paylaşımda bildirilib.

Xatırladaq ki, bu, Türkiyə Müdafiə Nazirliyinin sosial media hesabında Zəfər Günü ilə bağlı ikinci paylaşımıdır.