BAKI, 4 noyabr. TELEQRAF

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu İrəvanda keçirilən forumda Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, indiyədək sülh hər iki ölkə üçün yad bir anlayış olub:

“Biz sülhün nə olduğunu bilmirdik, bu anlayışla heç vaxt qarşılaşmamışdıq. Hətta müstəqillikdən öncə də münasibətlərimizin əsasında münaqişə dayanırdı. Müstəqilliyi məhz münaqişədən doğan enerjinin hesabına əldə etmişik. Otuz ildən artıq davam edən bu münaqişə siyasi baxımdan həll olunub, amma sosial-psixoloji baxımdan bir düyməni basmaqla onu dayandırmaq mümkün deyil. Buna görə də o, vaxtaşırı həm Ermənistan, həm də Azərbaycanda özünü müxtəlif səviyyələrdə göstərir. Bununla yaşamağı və münasibət qurmağı öyrənməliyik”.

Nikol Paşinyan hesab edir ki, sülh naminə hər iki ölkə keçmişi unutmalıdır.