TBİLİSİ, 4 iyun. TELEQRAF

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze Milli Məclisin nümayəndə heyətinin üzvləri ilə görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın möhkəmləndirilməsi və gələcək planlar müzakirə olunub.

A.Tsuladze nümayəndə heyətinin üzvləri ilə azərbaycandilli dərsliklərin təkmilləşdirilməsi prosesinə gürcü və azərbaycanlı mütəxəssislərin cəlb edilməsi məsələsini də müzakirə edib. Azərbaycan tərəfi təşəbbüsü alqışlayıb və bu istiqamətdə tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Görüşdə təhsil, elm və gənclər nazirinin müavini Baya Kvitsiani, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin məsul əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ötən gündən Gürcüstanda səfərdədirlər.