BAKI, 30 aprel. TELEQRAF
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirakını bəyan etmişdi, amma hələlik yekun təsdiq yoxdur. Rusiya hesab edir ki, Paşinyan Moskvaya getməmək üçün bəhanə axtarır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşrinin fikrincə, burada ruslar üçün son dərəcə fundamental olan başqa bir məsələ də var:
“Məsələ burasındadır ki, Rusiya ilə münasibətlərini çoxdan kəsmiş Baltikyanı ölkələr istisna olmaqla, bu hərbi paradlarda bütün keçmiş sovet ölkələri iştirak edir. Bu il Rusiya yubiley paradını xüsusi təmtəraqla təşkil edir və Ermənistanın da iştirakını gözləyir. Amma Ermənistandan hələlik heç bir təsdiq yoxdur. Ruslar birbaşa Nikol Paşinyana eyham vurublar. Sonuncu ikiqat təzyiq altındadır”.
“Past”a görə, Qərb İrəvandan paradda ümumiyyətlə iştirak etməməyi tələb edir:
“Bunun son təzahürü Estoniyada baş nazirlərin birgə mətbuat konfransında jurnalistin birbaşa eyhamı oldu ki, Ermənistan bir tərəfdən Avropa ilə münasibətləri yaxşılaşdırmağa, hətta Avropa İttifaqına daxil olmağa çalışır, digər yandan isə Rusiya və KTMT ilə əməkdaşlığı davam etdirir. Paşinyan bu məsələdən incə şəkildə yayınmağa çalışsa da, problem ondadır ki, vəziyyət heç də onun xeyrinə deyil və hər iki istiqamətdən ciddi təzyiqlərlə üzləşib”.