BAKI, 9 noyabr. TELEQRAF
“Azərbaycanın üçrəngli bayrağı müstəqil dövlətimizin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Sonra bayrağımız Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə Naxçıvan Ali Məclisində əbədi qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Prezident İlham Əliyev bayrağımız haqqında deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Altı ildir ki, müqəddəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Deputat bildirib ki, Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tədbirlərdə zirvələrə qaldırılır. Biz, vətəndaş olaraq bununla qürur duyuruq.
Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev daim Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır: “Bu gün bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə respublikamızın bütün ərazisində dalğalanır. Biz bundan böyük qürur və iftixar hissi keçiririk. Qalib Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə olacaq!”