BAKI, 9 noyabr. TELEQRAF

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf xəbər verir ki, İƏT-in rəsmi internet səhifəsində yayımlanan bəyanatda təşkilatın Baş Katibliyi Azərbaycan rəhbərliyinə, hökumətinə və xalqına bu əlamətdar gün münasibətilə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Bəyanatda vurğulanıb ki, İƏT müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

İƏT Baş Katibliyi, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərini, həmin ərazilərin davamlı inkişafının təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində səylərini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu fəaliyyət regionda sabitliyin möhkəmləndirilməsinə və sülhün əsaslarının gücləndirilməsinə mühüm töhfə verir.

Bəyanatda, eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün əldə olunması istiqamətində aparılan səylərin mehriban qonşuluq münasibətlərinin və konstruktiv əməkdaşlığın inkişafına, bütövlükdə regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmininə xidmət edəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, İƏT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən beynəlxalq təşkilatlardan biridir.