BAKI, 14 oktyabr. TELEQRAF

“Rusiya bu gecə Ukraynanın enerji və kritik infrastrukturuna, o cümlədən Kiyev və Xarkovda 39 ballistik raket və 120-dən çox hücum dronu və kamikadze sursatı ilə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəs elan edilən enerji obyektlərinə məhz ballistik raketlərlə məqsədli zərbə endirilib”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, zərbələr tamamilə şüurlu şəkildə həyata keçirilib və miqyası ilə nümayişkaranə xarakter daşıyır:

“Rusiyanın ABŞ-yə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməsi indiyədək görünməmiş hadisədir. Rusiya Amerika Prezidentinin bəyanatlarını ciddiyə almır.

Təəssüf ki, hazırda ən azı 600 min insan elektrik enerjisiz qalıb. Elektrik kəsintilərinin miqyası daha da arta bilər. Elektrik enerjisi kompleksinin 26 və neft-qaz kompleksinin dörd obyektində avadanlıqlara və infrastruktura ciddi ziyan dəyib”.

Zelenski ABŞ və dünyada reallığa göz yummayan hər kəsdən bu hadisəyə reaksiya verməyi və sərt tədbirlər görməyi xahiş edib:

“Rusiya gərginliyin azaldılması fürsətini əldən verdi və məhvetmə məqsədi daşıyan bu məntiqsiz müharibəni davam etdirməyi açıq şəkildə seçdi. Prezident Trampdan Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsini xahiş edirik. Xüsusilə də, bu yaxınlarda qəbul edilərək imzalanmış mərhum senator Lindsi Qremin qanunu buna imkan verir və müvafiq mexanizmləri müəyyən edir.

Amerika Prezidentinin güc, ədalət və təcavüzkara təzyiq göstərmək yolu ilə sülhü yaxınlaşdırmaq üçün bütün güclü və kifayət qədər təsirli vasitələri var.

Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket paketlərinin verilməsini xahiş edirik.

ABŞ-yə, Avropaya və bütün tərəfdaşlarımıza tamamilə haqlı olaraq bildiririk ki, dünyanın heç bir ölkəsi Rusiya kimi qeyri-adekvat və müharibə tərəfdarı olan bir qüvvənin qarşısında tək qalmamalıdır.

Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm!

Sülhə yalnız güc sayəsində nail olmaq mümkündür. Amerikadan Reyqanın bu prinsipini xatırlamasını xahiş edirik”.