BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycanda 2028-ci ildən bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində rəqabətli hərracların keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov III Milli Rəqabət Forumunda çıxışında deyib.
Nazir qeyd edib ki, 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 QVt olan 11 stansiyanın istismara verilməsi başa çatacaq:
“Bu layihələrə özəl investisiyaların 2 milyard ABŞ dolları, dövlət investisiyalarının isə 600 milyon ABŞ dolları ötəcəyi gözlənilir. Ümumilikdə, imzalanmış müqavilələr əsasında 2032-ci ilədək ölkəmizdə təxminən 8 QVt günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır. Layihələrin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önem veririk.
2024-cü ildə COP29 çərçivəsində keçirilən Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi olan Çinin "Universal International Holdings Limited" şirkəti tərəfindən inşa edilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası bu yaxınlarda istifadəyə veriləcək”.