BAKI, 12 oktyabr. TELEQRAF
“Donald Tramp artıq müharibənin təşəbbüskarı Vladimir Putini açıq şəkildə dəstəklədiyini gizlətmir”.
Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi analitik Yevgen Dikiy deyib.
“Gəlin, hər şeyi öz adı ilə çağıraq: Donald Tramp Vladimir Putinin müttəfiqidir və buna görə bizə növbəti ultimatumunu verib. Ultimatum çox sadədir: biz birtərəfli qaydada Rusiyaya qarşı mübarizədə ən təsirli üsullarımızdan birindən imtina etməliyik. Çünki Rusiyanın zəif yerini tapmışıq”, - o bildirib.
Dikiy vurğulayıb ki, Rusiyanın zəif nöqtəsi enerji resurslarıdır. O, bu resursları “rus imperiyasını qidalandıran qan” adlandırıb:
“Biz bu enerji canavarının qanını axıtmağa başlamışıq, artıq qan itirir və vəziyyəti artıq çox ağırlaşıb. Bundan sonra o, okeanın o tayındakı dostuna və müttəfiqinə müraciət edərək dostu Vladimirin xilas edilməsini istəyib. Öz ölkəsində aralıq seçkilərlə bağlı çox ciddi problemlə üzləşən okeanın o tayındakı müttəfiq isə bizə ultimatum verir: müharibədə ən böyük nəticə əldə etməyimizə imkan verən addımları dayandırmalıyıq. Bunun müqabilində isə bizə heç nə təklif edilmir”.
Hərbi analitik Trampın hazırkı mövqeyini belə izah edib: Ukrayna bu ultimatumu qəbul etməsə, cəzalandırılacaq.
Yevgen Dikiyin fikrincə, Tramp “dizel isteriyası” adlandırdığı məsələ ilə bağlı çıxışlarında həddindən artıq irəli gedib: “Əslində, özünü ələ verdi. Putinə o qədər açıq şəkildə kömək edir ki, bunu artıq heç nə ilə ört-basdır etmək mümkün deyil. Hətta o həddə çatıb ki, prezidentimizi (Volodimir Zelenski) də dəyişdirməli olduğumuzu deyir. Yəni onu kapitulyasiyaya imza atacaq prezidentlə əvəz etməliyik”.
Ekspertin fikrincə, hazırda dünyada şər qüvvələrin birləşməsi müşahidə olunur: “Tramp Putin qədər şər qüvvədir. Təfərrüatlarda fərqlər olsa da, dünyagörüşü və qlobal ideologiyası eynidir. Buna görə də azad dünyaya qarşı birləşməsi tamamilə məntiqlidir”.