BAKI, 14 oktyabr. TELEQRAF
Ağ Evin yeni mətbuat katibi Keti Zəkəriyyənin Çində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ qazandığına dair açıqlaması onun peşəkar ixtisası ilə bağlı suallar yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Honkonqun “South China Morning Post” (SCMP) qəzeti apardığı araşdırmaya əsasən məlumat yayıb.
Zəkəriyyə jurnalistlərə Çinə köçdükdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan imtahandan keçdiyini bildirib. Lakin o, imtahanı hansı ölkənin və ya inzibati ərazinin hüquqi yurisdiksiyası üzrə verdiyini açıqlamayıb.
Nəşrin məlumatına görə, Zəkəriyyənin “LinkedIn” profilində onun 2011–2013-cü illərdə Çinin ən böyük hüquq şirkətlərindən biri olan “Zhong Lun Law Firm”in Pekin ofisində hüquqşünas kimi çalışdığı göstərilir.
SCMP Nyu-York, Vaşinqton, Kaliforniya, Texas və Florida ştatlarının vəkil reyestrlərini yoxlasa da, onun qeydiyyatına dair məlumat aşkarlamayıb.
Qəzet vurğulayıb ki, vəkillik imtahanından keçmək və hüquqi fəaliyyət üçün rəsmi icazə almaq fərqli prosedurlardır.
Araşdırmada diqqət çəkilən digər məqam Çinin həmin dövrdə qüvvədə olan qanunvericiliyidir. Belə ki, 2011-ci ildə ölkədə hüquqşünas statusu almaq üçün keçirilən milli imtahanda yalnız Çin vətəndaşlarının iştirakına icazə verilirdi. Xarici ölkə vətəndaşları bu imtahana buraxılmırdı.
“Çin hüquq şirkətində işləmək həmin ölkədə vəkillik fəaliyyəti üçün lisenziyanın mövcudluğunu özlüyündə təsdiqləmir”, – nəşr qeyd edib.
SCMP-nin qənaətinə görə, Zəkəriyyənin açıqlamasından onun imtahanı Çində yaşadığı dövrdə verdiyi, yoxsa məhz Çində hüquqi fəaliyyət üçün ixtisas aldığı aydın olmur.
Qəzet məsələ ilə bağlı həm Ağ Evə, həm də “Zhong Lun Law Firm” şirkətinə sorğu göndərib. Lakin hələlik heç birindən cavab almayıb.