BAKI, 6 oktyabr. TELEQRAF

“Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumları Yaxın Şərqdə sabitliyin pozulmasına və qlobal enerji təhlükəsizliyinin zəifləməsinə gətirib çıxarır”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“Bu hücumlar regionda sabitliyi pozur, zorakılığa rəvac verir və qlobal enerji təhlükəsizliyini zəiflədir”, - o bildirib.

Avropa Komissiyasının rəhbəri Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri ilə həmrəyliyini bəyan edib: “Səudiyyə Ərəbistanı və körfəzdəki digər tərəfdaşlarımızla həmrəyik”.

Fon der Leyen əlavə edib ki, bu ayın sonunda Körfəz Əməkdaşlıq Şurası ilə keçiriləcək danışıqlarda regional təhlükəsizlik məsələsi mərkəzdə olacaq.