BAKI, 23 noyabr. TELEQRAF

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini noyabrın 23-də təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın “TVP World” telekanalı Avropa İttifaqı (Aİ) rəsmilərinə istinadla məlumat yayıb.

Aİ təklif olunan məhdudiyyətlər barədə günün ikinci yarısında açıqlama verəcək. Ardınca tədbirlər Aİ-yə üzv bütün ölkələrin səfirləri tərəfindən razılaşdırılmalı və Avropa İttifaqı Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.

Avropa Komissiyası bundan əvvəl sanksiyaların 22-ci paketinin layihəsini noyabrın sonunadək təqdim edəcəyini və ilin sonunadək təsdiqləyəcəyini açıqlamışdı. Estoniya xarici işlər naziri Marqus Tsaxna bildirmişdi ki, 22-ci sanksiyalar paketinə 150 fiziki şəxs və qurum daxildir. Tədbirlər paketinə ikili təyinatlı texnikanın ixracına dair yeni qadağalar, banklara və kriptovalyuta platformalarına, eləcə də tankerlərə qarşı məhdudiyyətlər daxil olmalıdır.

Avropa Komissiyası həmçinin Rusiyada Ukraynaya qarşı müharibənin bütün iştirakçılarına viza verilməsinin qadağan edilməsi ilə bağlı təklif hazırlayır.