BAKI, 24 noyabr. TELEQRAF

"Biz başa düşürük ki, bu, vacib oyundur və üç xalı qazanmalıyıq. "Sabah" ilk dəfədir Çempionlar Liqasında çıxış edir, yaxşı oyun göstərirlər. Ona görə də motivasiyaları yüksəkdir. Bizim futbolçularımızın da motivasiyası yerindədir".

Teleqraf xəbər verir ki, bunu İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis "Sabah"ın oyun üslubunu da dəyərləndirib:

"Sabah" futbol oynamağı sevən komandadır. Onların konkret oyun çərçivəsi var. Biz hər rəqibə hörmətlə yanaşırıq".

Baş məşqçi komandanın gənc ulduzu Lamin Yamalın Bakıya gətirilməməsinin səbəbinə aydınlıq gətirib:

"Biz əvvəllər də Yamalsız oynamışıq və nə edəcəyimizi bilirik. Dünən onu yoxladıq, İspaniyada qalmasına qərar verdik".

Flik Yamalı kimin əvəzləyəcəyini hələ müəyyənləşdirmədiyini bildirib:

"Onun mövqeyində kimin çıxış edəcəyi ilə bağlı qərar verməmişəm. Qarşıda hələ məşqimiz var. Son həftədə dörd oyun keçirmişik. Buna görə də bir çox futbolçunun meydana çıxmaq şansı olacaq".