BAKI, 23 noyabr. TELEQRAF

“Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərindən daha etibarlı və effektiv müdafiəni təmin edə bilə”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində NATO Parlament Assambleyasının plenar iclasında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

“Sadəcə Ukraynanı NATO-ya qəbul etmək daha effektiv olmazdımı? Bu, hamımız üçün daha yaxşı, həyata keçirilməsi baxımından daha ucuz və real təhlükəsizliyin təmin edilməsi baxımından daha etibarlı olmazdımı?”, - o bildirib.

Prezident vurğulayıb ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər model əsasında təklif olunan təhlükəsizlik zəmanətləri konkretləşdirilməlidir, xüsusilə Rusiyanın mümkün yeni təcavüzünə qarşı cavab mexanizmləri aydınlaşdırılmalıdır:

“5-ci maddə modelinə əsaslanan zəmanətlərdən danışarkən cavablara ehtiyacımız var. Bir neçə konkret suala cavab almalıyıq. Ukraynaya yenidən hücum ediləcəyi təqdirdə hansı ölkələr ona dəstək verəcək? Tərəfdaşlarımız buna cavab olaraq konkret olaraq hansı addımları atacaqlar? Hansı hərbi qüvvələr əvvəlcədən ərazimizdə yerləşdiriləcək? Bütün bunlar neçəyə başa gələcək? Və bu mexanizm həqiqətən işləyəcəkmi?”.

Dövlət başçısının sözlərinə görə, bu suallar hələ də mürəkkəb olaraq qalır və Ukrayna tərəfdaşları ilə onların razılaşdırılması istiqamətində iş aparsa da, indiyədək konkret və aydın cavablar almayıb.

Volodimir Zelenski həmçinin vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü Alyansın özünün də maraqlarına cavab verərdi: “Ukrayna NATO-da olmalıdır. Bu, təkcə Ukraynaya lazım deyil. Ukrayna NATO-nun özünə də lazımdır. Gəlin bu barədə açıq danışaq”,.

Ukrayna liderinin fikrincə, gələcək təhlükəsizlik sistemi Rusiyanın yeni təcavüzünü mümkünsüz etməli, yalnız müharibədə müvəqqəti fasilə yaratmaqla kifayətlənməməlidir: “NATO bunun cavabıdır. Güclü Ukrayna ordusu ilə NATO-nun özü də mütləq daha güclü olacaq”.