BAKI, 23 noyabr. TELEQRAF

NATO Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr noyabrın 23-dən 29-dək Estoniyada təlim uçuşları həyata keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziyası məlumat yayıb.

Manevrlər yerli vaxtla saat 09:00-dan 22:00-dək keçiriləcək. Uçuşların bir hissəsi aşağı hündürlükdə, yerin səthindən 152 metrdən aşağı olmayaraq həyata keçiriləcək.

Təlimlər çərçivəsində səsdən sürətli uçuşlar da yerinə yetiriləcək. Bu uçuşlar müəyyən edilmiş hündürlüklərdə, ölkənin Nəqliyyat Departamenti və Mülki Aviasiya Xidməti ilə razılaşdırılmaqla keçiriləcək.

Öz hərbi aviasiyasına malik olmayan Baltikyanı ölkələrin hava məkanına nəzarəti NATO üzrə müttəfiqləri həyata keçirir.

2004-cü ildən etibarən rotasiya prinsipi əsasında alyansa üzv ölkələrin qırıcı təyyarələri Litvanın Zoknyay aviabazasında yerləşdirilir. 2014-cü ildə missiyanın ikinci hissəsi Estoniyanın Emari hərbi hava bazasında dislokasiya edilib.